Hacıqabulda“Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.
"Sabirabadxəbər" xəbər verir ki, Yarış Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Hacıqabul rayonu üzrə Gənclər və İdman Sektoru ilə Hacıqabul rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin keçirilməsində əsas məqsəd məktəblilər arasında hərbi bilik və bacarıqların artırılması, fiziki hazırlığın gücləndirilməsi, həmçinin gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi olub.
Birincilikdə rayonun müxtəlif ümumtəhsil məktəblərinin komandaları iştirak ediblər. İştirakçılar sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması, komanda işi və digər hərbi-idman mərhələləri üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Yarış zamanı komandalar arasında yüksək rəqabət müşahidə olunub, iştirakçılar tapşırıqları böyük həvəs və məsuliyyətlə yerinə yetiriblər.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən Hacıqabul şəhər 10 nömrəli tam orta məktəbin komandası I yerə layiq görülərək rayon birincisi adını qazanıb. Navahi qəsəbə 2 nömrəli tam orta məktəbin komandası II yeri tutub. III yerlərə isə Muğan qəsəbə tam orta məktəbi və Hacıqabul şəhər 2 nömrəli tam orta məktəbin komandaları layiq görülüblər.
Sonda qalib və fərqlənən komandalar təşkilatçılar tərəfindən diplomla təltif olunublar. Tədbir iştirakçıların yaddaşında xoş təəssüratlarla qalıb və gənclərin hərbi-idman sahəsinə marağının daha da artmasına töhfə verib.










