2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən tədbir təşkil edilib. Tədbirdə idarənin rəhbər heyəti, struktur-bölmə rəhbərləri və əməkdaşları, Müəllimlərin İşə Qəbul müsabiqəsində yüksək nəticə göstərərək 2025-2026-cı tədris ilində təyinat alan bir qrup gənc müəllimlər, həmçinin ötən tədris ilində 650 və daha çox bal toplamış, hazırda müxtəlif universitetlərdə təhil alan tələbələr iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edildikdən sonra ümummilli liderimiz Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin gənclərlə bağlı dövlət siyasətini özündə əks etdirən videorolik izlənilib.
Görüşdə çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev gənc təhsil işçilərini və məzunları əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İdarə müdiri hər il 2 Fevralın ölkəmizdə "Gənclər Günü" kimi qeyd olunduğunu vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin bu gün də uğurla davam etdirildiyini qeyd edib. Həmçinin bildirib ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, müasir məktəblərin və ali təhsil müəssisələrinin yaradılması, xaricdə təhsil proqramları, müxtəlif təqaüd layihələri və gənclərə göstərilən dövlət dəstəyi savadlı, vətənpərvər gəncliyin formalaşmasına mühüm töhfə verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində gənclərin öz potensiallarını tam reallaşdırmaq, keyfiyyətli təhsil almaq və ölkənin inkişafında fəal iştirak etmək imkanları əldə etdiklərini və kadr siyasətində gənclərə üstünlük verildiyini xüsusi vurğulayıb.
Gənc təhsil işçilərinin və məzunların çıxışları dinlənilib. Daha sonra nailiyyətləri ilə fərqlənən idarənin və struktur-bölmənin bir qrup fəal gənc əməkdaşları Fəxri Fərmanla təltif edilib, gənc müəllim və tələbələrə hədiyyə təqdim olunub.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.
#ŞirvanSalyanRTİ #MÜTDA








