"SABİRABADXƏBƏR" xəbər verirki, 02.03.2026-cı il tarixində Saatlı rayonunun yeganə şəhid qadını, vətən uğrunda canından keçən qəhrəman qızımız Məleykə Mirzəliyevanın əziz xatirəsinə həsr olunmuş anım tədbiri onun adını daşıyan Sarıcalar kənd tam orta ümumtəhsil məktəbində dərin ehtiram və böyük qürur hissi ilə keçirilib.
Tədbirə Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Rayon Ağsaqqallar Şurasının sədri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və əlilləri, eyni zamanda Saatlı Gənclər evi kollektivi, fəal gənclər, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.
Tədbir Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin, o cümlədən qəhrəman şəhidimiz Məleykə Mirzəliyevanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər ölkəmizin keşməkeşli, lakin şərəfli tarixindən, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizələrdən geniş bəhs ediblər. Xüsusilə 1990-cı illərdə erməni təcavüzünə qarşı xalqımızın nümayiş etdirdiyi birlik, həmrəylik və fədakarlıq nümunələrinin bu gün də gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığı vurğulanıb. Qeyd olunub ki, şəhidlərin xatirəsini yaşatmaq sadəcə bir vəzifə deyil, bu, gələcəyə ötürülən mənəvi mirasdır. Onların döyüş yolu, cəsarəti və vətənə sevgisi hər bir gənc üçün örnəkdir. Müharibə iştirakçıları və şəhidin ailə üzvləri çıxış edərək Məleykə Mirzəliyevanın həyatından, onun mərdliyindən, qorxmazlığından və vətənə bağlılığından söz açıblar. Bildirilib ki, o, təkcə ailəsinin deyil, bütün Saatlının qürur mənbəyidir və onun adı daim hörmətlə anılacaq.
Tədbirin bədii hissəsi isə xüsusilə təsirli olub. Saatlı Gənclər evinin Yaradıcılıq klubunun rəhbərliyi ilə hazırlanan məktəblilərin ədəbi-bədii kompozisiyası böyük alqışlarla qarşılanıb. Şeirlər, səhnəciklər və musiqi nömrələri zaldakı hər kəsə duyğulu anlar yaşadıb. Sonda isə şəhidin həyat və döyüş yolunu əks etdirən videomaterial nümayiş etdirilib.
#ŞəhidMəleykəMirzəliyeva #ŞəhidlərÖlməzVətənBölünməz #SaatlıGənclərEvi #SaatlıYouthHouse #birkimibirlikdə














