sabirabadxeber.az / Beyləqanda müəllimlər üçün sertifikatlaşdırma ilə bağlı maarifləndirici görüş keçirilib

Beyləqanda müəllimlər üçün sertifikatlaşdırma ilə bağlı maarifləndirici görüş keçirilib

Beyləqanda müəllimlər üçün sertifikatlaşdırma ilə bağlı maarifləndirici görüş keçirilib.

---

"Sabirabadxəbər" məlumat verir ki, Müəllimlərin peşəkar inkişafını dəstəkləmək və sertifikatlaşdırma prosesi barədə məlumatlılığı artırmaq məqsədilə Mil-Muğan Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlarda maarifləndirici görüşlər davam edir. Bu çərçivədə növbəti görüş Beyləqan rayon təhsil sektoruna tabe olan ümumtəhsil məktəblərində çalışan müəllimlərin iştirakı ilə təşkil olunub.


Görüşdə Regional Təhsil İdarəsinin əməkdaşları Mirhəmid Bağırov və Ceyhun Əsədov çıxış edərək sertifikatlaşdırma qaydaları barədə ətraflı məlumat veriblər. Onlar prosesin mərhələləri, imtahan və müsahibə hissələrinin məzmunu, metodika və pedaqogika üzrə əsas istiqamətlər, həmçinin sualların sayı və imtahanın strukturu ilə bağlı vacib məqamları müəllimlərin diqqətinə çatdırıblar.


Çıxışlar zamanı vurğulanıb ki, sertifikatlaşdırma müəllimlərin peşəkar səriştələrinin qiymətləndirilməsi və inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu proses onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə, tədrisin keyfiyyətinin yüksəldilməsinə və təhsil sistemində müasir yanaşmaların tətbiqinə töhfə verir.


Tədbir çərçivəsində müəllimləri maraqlandıran suallar cavablandırılıb, sertifikatlaşdırma ilə bağlı müxtəlif məsələlər müzakirə olunub və əlavə dəstək mexanizmləri barədə məlumat verilib. İştirakçıların fikir və təklifləri də diqqətlə dinlənilib.


Qeyd edək ki, müəllimlərin sertifikatlaşdırma prosesi ilə bağlı daha geniş məlumatlandırılması məqsədilə bu cür maarifləndirici görüşlərin davam edəcək.


N.Quliyeva

19.03.2026 » 16:38
Geri