sabirabadxeber.az / Bir ovuc xurma 11 manat... – Bakının Ramazan mənzərəsi - REPORTAJ

Bir ovuc xurma 11 manat... – Bakının Ramazan mənzərəsi - REPORTAJ

Sabahdan Ramazan ayı başlayır. Bir çox müsəlman ölkəsində müqəddəs ayda market və bazarlarda xüsusi güzəştlər tətbiq olunur. Azərbaycanda isə vəziyyət bir qədər fərqli istiqamətdə inkişaf edir. Ramazan yaxınlaşdıqca bəzi ərzaq məhsulları nəzərəçarpacaq dərəcədə bahalaşır. Araşdırmalar zamanı xüsusilə iftar süfrəsinin ayrılmaz hissəsi sayılan xurmanın qiymətinin kəskin artdığı diqqət çəkir.

"Sabirabadxəbər.az"  Yenisabah-a istinadən xəbər verir ki, Bu mənzərəni yerində görmək üçün şəhərin müxtəlif market və çərəz mağazalarına baş çəkdik. İlk dayanacağım iri marketlərdən biri oldu. Rəflərin önündə dayananda diqqətimi çəkən qiymət etiketlərinin bolluğu idi.

Endirim lövhələri alıcıları cəlb etsə də, rəqəmlərə diqqətlə baxanda fərqli tablo yaranır. Kral xurması (Korolevski premium) endirimlə 40 manatdan 32 manata düşüb. Fələstin mənşəli xurma 25 manat 49 qəpiyə təklif olunur. Mədinə xurması 15 manat 49 qəpik, onun daha kiçik ölçülüsü 9 manat 49 qəpikdir. Tumsuz xurma 8 manat 49 qəpik, Tunis xurması isə 6 manat 50 qəpik civarındadır.

Marketdən çıxıb yolumu çərəz mağazalarından birinə salıram. Burada atmosfer fərqlidir, şüşə qabların içində müxtəlif rəng və ölçüdə xurmalar, satıcının sakit izahları, alıcıların diqqətli seçimi… Qiymətlər də marketlərdən fərqli olaraq daha fərqlidir. Bəzi növlər 4 manat 50 qəpikdən başlayır, daha keyfiyyətli və iri xurmalar isə 28 manata satılır. Üstəlik, burada marketlərdə rast gəlmədiyim çeşidlər də var.Başqa bir çərəz mağazasında isə çeşid daha da zəngindir. Satıcı rəfləri göstərərək müxtəlif ölkələrdən gətirilən xurmaları təqdim edir. Burada İsrail mənşəli xurma da satılır, kilosu 36 manatdır. Dubay xurmasının 1 kiloqramı 20 manata təklif olunur.

Satıcı hər kəslə olduqca mehriban davranır, hər növü bir-bir göstərərək mənşəyini və qiymət fərqinin səbəblərini izah edir.

Onun təqdim etdiyi ilk diqqətçəkən növlərdən biri Ajva xurması oldu. Qiyməti 27 manat 50 qəpikdir. Uzun saçlı sarışın xanım bildirir ki, bu xurma dünyanın ən qiymətli və müqəddəs sayılan növlərindən biridir. Xüsusilə Mədinə bölgəsində yetişən unikal sort olduğu üçün həm nadir, həm də bahalıdır.

Rəflərdə açıq rəngi ilə seçilən Segai xurması da diqqət çəkir  kilosu 25 manat 50 qəpikdir. Satıcının sözlərinə görə, bu növ premium kateqoriyaya daxildir. O qeyd edir ki, Segai xurması Bakı şəhərində nadir rast gəlinir və hər çərəz yerində olmur.

Mağazada təqdim olunan digər maraqlı növlərdən biri Mabroom xurmasıdır. Satıcı izah edir ki, bu xurma da Səudiyyə Ərəbistanından gətirilir və premium növlərdən hesab olunur. Bu xurma o birilərdən fərqli olaraq yumşaq olmur, daha möhkəm teksturaya malikdir və dadı şipşirin deyil, özünəməxsus aroması var. Qiyməti isə nə az, nə çox, 36 manatdır.

18.02.2026 » 14:08
Geri