"Sabirabadxəbər.az" xəbər verirki ,
Saatlı rayonunun ümumi təhsil müəssisələrinin bir qrup şagirdi Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında təşkil olunmuş növbəti “Açıq qapı” tədbirinin qonağı olub. Tədbirin məqsədi məktəbliləri xüsusi təyinatlı ali təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanış etmək və onlarda polis peşəsinə maraq yaratmaqdır.
Səfər çərçivəsində şagirdlər üçün akademiyanın ərazisində geniş ekskursiya təşkil edilib. Məktəblilər tədris korpusları və konfrans zalı, əyani vəsaitlərlə zəngin kriminalistik təlim şəhərciyi, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi və qapalı atıcılıq tiri, kursantların məişət şəraiti ilə tanış olublar.
Şagirdlərə Polis Akademiyasının gündəlik fəaliyyətini və kursant həyatını əks etdirən xüsusi videoçarx nümayiş etdirilib. Akademiyanın əməkdaşları tərəfindən şagirdlərə mövcud təhsil mühiti, kursantların maddi və sosial təminatları, eləcə də bu ali təhsil ocağında oxumağın üstünlükləri barədə ətraflı məlumat verilib.
Görüş zamanı həmçinin akademiyaya qəbul qaydaları izah olunub və gələcəkdə bu peşəni seçmək istəyən gənclərə tövsiyələr verilib. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.













