Diplom haqqında məlumatları bazada olmayan şəxslər ilk növbədə müvafiq quruma müraciət edib onları sistemə əlavə etdirməli, sonra isə “Bakalavrın elektron ərizəsi”ni təsdiq etməlidirlər.

Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların məntiqi təfəkkürləri, informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

Qəbul imtahanının (II cəhd) 2026-cı il mayın 17-də keçirilməsi nəzərdə tutulur.

İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaqdır.

İmtahan nəticələri hesablanarkən bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.

Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi esse vərəqləri paylanılır. Qeyd edək ki, tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticə 2 baldan az olmamalıdır. Tədrisi Azərbaycan və ya rus dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticəyə bal məhdudiyyəti qoyulmur.