"Sabirabadxəbər" xəbər verir ki, Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Salyan rayonunda fermerlər üçün “Kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsinin təşkili” mövzusunda sahə görüşü keçirilib.
Görüşün məqsədi fermerlərin texnikadan düzgün, təhlükəsiz və effektiv istifadəsi ilə bağlı nəzəri biliklərini artırmaq, onların praktiki bacarıqlarını inkişaf etdirmək, eyni zamanda texnikanın istismarında müasir yanaşmaların tətbiqini təşviq etməklə məhsuldarlığın yüksəldilməsinə və resurslardan daha səmərəli istifadəyə nail olmaq olub.
Tədbir çərçivəsində iştirakçılara müasir aqrotexniki yanaşmalar, kənd təsərrüfatı texnikalarının düzgün istismarı, eləcə də resurslara qənaət üsulları barədə geniş və ətraflı məlumat təqdim edilib. Mütəxəssislər tərəfindən texnikaların istismar müddətinin uzadılması, yanacaq sərfiyyatının minimuma endirilməsi və məhsuldarlığın artırılması yolları praktiki nümunələrlə izah olunub. Bununla yanaşı, iştirakçıların sualları cavablandırılıb, real təcrübələr üzərindən müzakirələr aparılıb.
Aqrar Təlim Mərkəzi tərəfindən regionlarda bu kimi görüşlərin təşkili kənd təsərrüfatında səmərəliliyin artırılmasına, fermerlərin peşəkar bacarıqlarının inkişafına və ümumilikdə aqrar sahənin daha dayanıqlı inkişafına mühüm töhfə verir.
N.Quliyeva



